Orduxan Qəhrəmanzadə

Haqqında

Orduxan Qəhrəmanzadə MEMİM-in sektor müdiri kimi Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinə təhkim olunmuşdur. Mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması sahəsində UNESCO-nun 1970-ci il Konvensiyası və 1954-cü il Haaqa Konvensiyası ilə bağlı Mədəniyyət Nazirliyi üzrə əlaqələndirici və ekspertdir. 2026-cı ilin yanvar ayından Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi”nin katibliyi olan Mədəniyyətlərarası Dialoq Naminə Qlobal İttifaqın (GUIDE) Beynəlxalq təşəbbüslər departamentinə rəhbərlik edir.

2021–2024-cü illərdə Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinə və 2022-ci ildə onun əsasında yaradılmış Qoşulmama Hərəkatı Gənclər Təşkilatına sədrlik etmiş, BMT Baş Assambleyasının 78-ci sessiyasında Azərbaycanın rəsmi gənc nümayəndəsi olmuşdur. 2019-cu ildən bəri 14 xarici ölkədə 22 beynəlxalq tədbirdə və işgüzar səfərdə iştirak etmişdir.

Təhsil

Orduxan Qəhrəmanzadə 2018-ci ildə Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyini qızıl medalla bitirmiş və həmin il 651 balla ADA Universitetinə qəbul olunmuşdur. Bundan bir il əvvəl “Sabahın alimləri” VI Respublika Müsabiqəsində “Kimya” nominasiyası üzrə II yerə layiq görülmüşdü. ADA Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsini 2022-ci ildə fərqlənmə diplomu ilə, “Dövlət qulluğunun təşkili və idarəedilməsi” ixtisası üzrə magistr dərəcəsini 2024-cü ildə almışdır. Təhsil illərində Hacı Zeynalabdin Tağıyev adına ictimai mükafata layiq görülmüş, 2019-cu ilin payız semestrində “Erasmus+” mübadilə proqramı çərçivəsində Estoniyanın Tartu Universitetində siyasi elmlər və diplomatiya üzrə təhsil almışdır.

2024-cü ilin sentyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında əyani doktorant kimi “Azərbaycanın geosiyasəti Xəzər və Qara Dəniz regionunun transformasiyası kontekstində” mövzusunda dissertasiya üzərində işləyir. Tələbəlik illərində “Britaniya Parlamenti” və “Lincoln-Douglas” formatlarında debat müsabiqələrində yarışmış, “BMT Modeli” konfranslarında iştirak etmiş, 2019-cu ildə YouthMUN konfransının “Ən yaxşı nümayəndə” və UNEC MUN IV konfransının “Ən yaxşı mövqe sənədi” mükafatlarını qazanmışdır.

Tələbə və gənclər təşkilatlarında

Avropanın ən böyük könüllü tələbə təşkilatının (42 ölkədə 1000-dən çox ali təhsil müəssisəsi) milli bölməsi olan “Erasmus Tələbə Şəbəkəsi-Azərbaycan” İctimai Birliyinin həmtəsisçilərindən olmuş, 2019–2020-ci illərdə milli təmsilçi kimi Budapeşt, Lissabon və İstanbulda keçirilən beynəlxalq görüş və təlimlərdə ölkəni təmsil etmiş, 2020-ci ilin iyul ayından 2021-ci ilin oktyabr ayınadək təşkilatın sədri olmuşdur. 2019-cu ildə ADA Universitetinin Tələbə Hökumətinə ümumi təhsil üzrə konsul seçilmiş, 2020–2021-ci illərdə ADA Universitetində müəllim köməkçisi olmuşdur. 2020-ci ilin oktyabr ayında, Vətən müharibəsi dövründə, “Xudafərin Media Mərkəzi” layihəsinin təşkilat komitəsinin üzvü kimi yüzlərlə tələbəni əhatə edən təlimlər üçün “Sosial mediada Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektlərinin çatdırılması” mövzusunda materialların hazırlanmasından məsul olmuşdur.

2020–2023-cü illərdə ölkənin ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatlarını birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında şöbə müdiri və baş katib olmuş, yerlərdə dövlət gənclər siyasətinin həyata keçirilməsində tələbə gənclər təşkilatlarının rolunun və fəaliyyətinin stimullaşdırılması istiqamətində işləri əlaqələndirmiş, İttifaqı ATƏT-in Varşava Konfransında təmsil etmişdir. Eyni zamanda 34 ölkədə fəaliyyət göstərən qlobal sosial sahibkarlıq platforması “Enactus”un Azərbaycan üzrə milli proqram direktoru olmuşdur. 2022-ci ildə San-Xuanda keçirilən “Enactus Dünya Kuboku”nda nümayəndə heyətinə rəhbərlik etmiş, Azərbaycan komandası öz tarixində ikinci dəfə dünyanın ən yaxşı 16 komandası sırasına daxil olmuşdur. 2020–2024-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) İdarə Heyətinin üzvü olmuşdur. 2021–2025-ci illərdə Gənclər Fondunun dəstəyi ilə hər yay 8 həftə ərzində keçirilən, 2000 gəncin qatıldığı regionun ən böyük gənclər festivalı “YayFest”in təşkilat komitəsinin üzvü olmuşdur.

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yaradılan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinə 2021-ci ilin oktyabr ayından, 2022-ci ildə onun əsasında yaradılmış Qoşulmama Hərəkatı Gənclər Təşkilatına isə 2024-cü ilin mart ayınadək sədrlik etmişdir. 25–29 iyul 2022-ci il tarixlərində Bakıda və Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 61 üzv dövlətdən gənclərin qatıldığı ilk Qoşulmama Hərəkatı Gənclər Sammitinin təşkilat komitəsinə rəhbərlik etmişdir. Sammitin Şuşa seqmentində qəbul edilən “Şuşa Akkordu”na əsasən Şəbəkə Qoşulmama Hərəkatı Gənclər Təşkilatına çevrilmişdir.

Sədr kimi Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən zirvə görüşündə, Hərəkatın Parlament Şəbəkəsinin Bakı konfransında, habelə təhsil və İKT nazirlərinin görüşlərində bəyanatlarla çıxış etmişdir. 2022-ci ilin noyabr ayında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Təşkilatın fəaliyyəti barədə ilk brifinqi keçirmişdir. Rəhbərliyi dövründə Bakıda ilk dəfə 40-dan artıq ölkənin diplomatik nümayəndəliyinin iştirakı ilə Beynəlxalq Xeyriyyə Yarmarkası təşkil edilmiş, Təşkilatın 18 üzv ölkəsindən 19 gənc nümayəndə 2024-cü il növbədənkənar Prezident seçkilərini beynəlxalq müşahidəçi kimi izləmişdir. Sədrliyinin sonunda Təşkilat 50-dən artıq üzv ölkənin gənclərini birləşdirən, mənzil-qərargahı Bakıda yerləşən beynəlxalq platformaya çevrilmişdi.

Beynəlxalq kürsülərdə

2022-ci il 2 fevral tarixində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən, Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda cənab Prezidentə könüllülük hərəkatı ilə bağlı sual ünvanlamışdır. Həmin il 15 sentyabrda Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 51-ci sessiyasında Şuranın sədri Federiko Villeqasın moderatorluğu ilə keçirilən inkişaf hüququ üzrə panel müzakirəsinin məruzəçilərindən biri olmuş, 26–30 sentyabrda ATƏT-in Varşava İnsan Ölçüsü Konfransının üç plenar iclasında çıxış etmişdir. Oktyabr ayında Düşənbədə BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin tərəfdaşlığı ilə keçirilən yüksək səviyyəli konfransda Düşənbə Prosesi çərçivəsində ilk gənc məruzəçi olmuşdur.

2023-cü ilin fevral ayında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyətinin tərkibində zəlzələdən zərər çəkmiş Kahramanmaraşa humanitar missiya ilə səfər etmişdir. Həmin il BMT-nin İqtisadi və Sosial Şurasının Nyu-Yorkdakı Gənclər Forumunda iştirak etmiş, Qahirədə “Beynəlxalq Liderlik üçün Nasir Təqaüdü” tədbirində məruzəçi kimi çıxış etmiş, sentyabr ayında BMT Baş Assambleyasının 78-ci sessiyasında Azərbaycanın rəsmi gənc nümayəndəsi olmuşdur. 7 noyabrda Strasburqda Avropa Şurasının 11-ci Ümumdünya Demokratiya Forumunda “International Community and Democratic Insecurity” mövzusunda forum müzakirəsində çıxış etmiş, işğaldan azad olunmuş ərazilərdə mina problemini qaldırmış, Ermənistanın mina xəritələrini təqdim etməməsinin məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıdışı üçün ciddi əngəl olduğunu diqqətə çatdırmışdır.

Gənclər Fondunda

2024-cü ilin aprel ayından Azərbaycan Respublikasının Gənclər Fondunda Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri vəzifəsini icra etmiş, 2025-ci ilin yanvar ayından oktyabr ayınadək həmin şöbəyə rəhbərlik etmişdir. Bu vəzifədə struktur qrantı, dövri qrant müsabiqələri və müsabiqədənkənar qrant maliyyələşməsi vasitəsilə 100-dən çox gənclər təşkilatının fəaliyyətinin dəstəklənməsi işini təşkil etmiş, qrant maliyyələşməsi üzrə normativ-hüquqi bazanın yenilənməsində yaxından iştirak etmişdir. COP29 təşəbbüsü çərçivəsində Qlobal Cənub QHT Platformasının təsis olunmasında iştirak etmiş, 2025-ci ilin aprel ayında D8 ölkələrinin QHT-lərinin ilk görüşündə yan tədbirə moderatorluq etmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda həyata keçirilən “Gənc Arıçı” layihəsinin Gənclər Fondu adından koordinatoru olmuşdur.

2024–2026-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Transmilli cinayət hüququ”, “Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın hüquqi əsasları” və “Xarici dövlətlərin mədəniyyət qanunvericiliyi” fənləri üzrə müəllim köməkçisi olmuşdur.

Mədəni irs və mədəniyyətlərarası dialoq

2025-ci ilin oktyabr ayından MEMİM-in sektor müdiri kimi Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinə təhkim olunmuşdur. UNESCO-nun 1970-ci il Konvensiyası və 1954-cü il Haaqa Konvensiyası ilə bağlı Mədəniyyət Nazirliyi üzrə əlaqələndirici və ekspertdir. Bu çərçivədə 1954-cü il Haaqa Konvensiyasının icrasına dair UNESCO Katibliyinin sorğularına Azərbaycanın cavablarının hazırlanmasında mütəmadi iştirak edir, Nazirlik ilə ICCROM arasında Anlaşma Memorandumunun layihəsi üzərində işləmişdir. Beynəlxalq Ədalət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi” üzrə “Azərbaycan Ermənistana qarşı” və “Ermənistan Azərbaycana qarşı” işlərində Mədəniyyət Nazirliyi üzrə əlaqələndiricidir.

2026-cı ilin aprel ayında Qaziantepdə mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş konfransda Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birlikdə Azərbaycanın bu sahədə hüquqi bazasını, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda mədəni irsin sənədləşdirilməsi istiqamətində aparılan işləri təqdim etmişdir. May ayında UNESCO-nun Parisdəki mənzil-qərargahında Azərbaycan nümayəndə heyətinin tərkibində 1970-ci il Konvensiyasının Yardımçı Komitəsinin və ICPRCP-nin sessiyalarında iştirak etmişdir. “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025”in və Prezident İlham Əliyevin Sərəncamının icrası çərçivəsində keçirilən “Türk Dünyası Həftəsi”nin (2026) təşkilat komitələrinin üzvü olmuşdur. 2026-cı ilin yanvar ayından GUIDE-də Beynəlxalq təşəbbüslər departamentinə rəhbərlik edir.